Məleykə Əsədovadan Çimnaz Sultanovanın dəfni ilə bağlı açıqlama

Xalq artisti Məleykə Əsədova, yanvarın 15-də dünyasını dəyişən aktrisa Çimnaz Sultanovanın dəfnində bəzi həmkarlarının iştirak etməməsi və rejissor Rövşən İsaxın münasibəti ilə bağlı fikirlərini bölüşüb. O, belə bir yanaşmanın yanlış olduğunu vurğulayıb və hər kəsin bu dünyadan köçəcəyini xatırladaraq mərhumun ruhuna rəhmət diləyib.

Məleykə Əsədovadan Çimnaz Sultanovanın dəfni ilə bağlı açıqlama
Məleykə Əsədova
reklam

Yanvarın 15-də dünyasını dəyişən aktrisa Çimnaz Sultanovanın dəfn mərasimində bir çox həmkarının iştirak etməməsi diqqət çəkib. Əsas müzakirə mövzularından biri isə vaxtilə onun çəkildiyi "Vicdan haqqı" serialının rejissoru Rövşən İsaxın dəfndə iştirak etməməsi və bunun səbəbinə dair dedikləri olub. İsax bildirib ki, mərhum aktrisanın sosial şəbəkələrdə paylaşdığı bəzi məzmunlara görə dəfndə görünməyi özünə uyğun görməyib:

"Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür."

Bu açıqlama həm sənət aləmində, həm də ictimaiyyətdə müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Xalq artisti Məleykə Əsədova öz fikirlərini Globalinfo.az-a açıqlayıb.

"Düzü, çox pis oldum. Rejissor çox nahaq elə deyir."
Əsədova rejissorun bu yanaşmasını düzgün hesab etmədiyini bildirib:
"Hamımız haqq yolundayıq, hamımızın da sonu o dünyadır. Açığı, Çimnaz Sultanova ilə yaxınlığım yox idi. Ölümündən də, dəfnindən də gec xəbər tutdum. İnanın ki, yoxsa dəfnində iştirak edərdim. Hər birimiz gec-tez dünyadan köçəcəyik. Cavan xanım idi. Çox pis oldum. Allah o dünyasını versin."

Qeyd edək ki, Çimnaz Sultanova 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. O, bağırsaq xərçəngindən 45 yaşında vəfat edib. Mərhum aktrisa "Vicdan haqqı", "Sənə inanıram", "Bayram axşamı" kimi bir çox məşhur serial və filmlərdə rol alıb. O, həmçinin Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib, vokal və aktyorluq üzrə təhsil alıb.

Allah rəhmət eləsin!

reklam
reklam