Xalq artisti Aygün Kazımova "Qonaqcanlı" verilişində qonaq olarkən Vaqif Gərayzadə ilə ilk tanışlığını və Alim Qasımovla bağlı xatirələrini bölüşüb.
"Vaqif Gərayzadə, Cavanşir Quliyev, Eldar Mansurov – bu üç şəxs mənim həyatımda önəmli insanlardır", - deyə müğənni vurğulayıb.
O, Vaqif Gərayzadə ilə ilk görüşünü belə xatırlayıb:
""Son zəng"dən sonra məktəb formasında birbaşa İncəsənət Universitetinin arxasındakı məşq yerinə getdim. Dedim ki, oxumaq, sizinlə çalışmaq istəyirəm. Vaqif müəllim hələ məni dinləməmişdi, amma mahnılar verirdi. Bir anda ayıldı ki, dayan görüm, oxuya bilirsən? Rasim İmanovun "Gerçəklərim yalan oldu" mahnısını pianinoda ifa etdim. Sonra özü çaldı və məni yönləndirdi. Həmin gün mənə iki mahnı verdi".
Kazımova Alim Qasımovla bağlı xatirəsini də paylaşıb:
""Aypara" qrupunda əsas solist Alim Qasımov idi. O olmayanda isə Elçin Cəlilov olurdu. Allah ona rəhmət eləsin. Estrada mahnılarının muğam ifaçıları üçün fərqli ritmə malik olduğunu nəzərə alsaq, Alim Qasımova bu janrda oxumaq çətin gələ bilərdi. O səbəbdən mən ona bu mahnıları necə ifa etməli olduğunu göstərirdim. Böyük çıxmasın, amma bu məqamlarda Alim Qasımova mən müəllimlik edirdim".
Aygün Kazımova bildirib ki, Vaqif Gərayzadənin yeni mahnılarını ilk olaraq ona göstərirdi və o, bütün mahnıları dəftərlərə səliqəli şəkildə yazırdı.
"Vaqif müəllimin mahnı sözləri əvvəl vərəqlərdə dağınıq idi. Mən isə onları səliqəyə salıb yazırdım. Bütün komanda onun dediklərinə əməl edirdi, görkəmli muğam ifaçılarını, caz sənətçilərini dinləyirdik", - deyə müğənni əlavə edib.