Məşhur aparıcı və bloger Nastya İvleyeva biznes uğursuzluğu səbəbindən ciddi maliyyə çətinlikləri ilə qarşılaşıb. O, keçmiş ortağı ilə birlikdə 7,3 milyon rubl borc ödəməyə məcbur olacaq.
İvleyeva və biznes ortağı bir müddət əvvəl açdıqları restoranın iflas etməsi ilə əlaqədar məhkəməyə cəlb olunublar. Onların "Kapelnitsa Group MMC" adlı restoran biznesi müflis elan edilib və nəticədə, məhkəmə onların subsidiar məsuliyyət daşıdığı barədə qərar verib.
Məlumata görə, təşkilat ilkin olaraq 23 milyon rubl tələb etsə də, məhkəmə bu məbləğin yalnız 7,3 milyon rublunun ödənilməsinə qərar verib. Bundan əlavə, Nastya İvleyeva prodüser şirkətinin keçmiş meneceri Aleksandr Mokrov tərəfindən də məhkəməyə verilib. O, aparıcını kredit və müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.
Bütün bu problemlərlə yanaşı, İvleyeva kirayə haqqını ödəmədiyi üçün də məhkəmə qarşısında dayanıb. "Depo" MMC ona qarşı iddia qaldıraraq 7,1 milyon rubl tələb edib. Məhkəmə bu məbləğin 6 milyon rublunun ödənilməsinə qərar verib.
Qeyd edək ki, Nastya İvleyeva televiziya və sosial media sahəsində böyük populyarlığa sahibdir. Lakin onun biznes fəaliyyətləri eyni uğuru gətirməyib və ciddi maliyyə problemləri ilə nəticələnib.
