Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə televiziya və sosial mediada nümayiş etdirilən saxta obrazlarla bağlı fikirlərini bölüşüb. O, tamaşaçıların yalanı qəbul etmədiyini və efirdə səmimi olmağın vacibliyini vurğulayıb.
"Özünütəsdiq formasını tapmaq müşkül işdir: ağıllı tamaşaçı çox tələbkardır. Efir ciddi bir güzgüdür, sosial media isə daha qəddardır. Burada cismin və xislətin çılpaqlığı ilə ortaya çıxırsan, gizlətmək mümkünsüzdür," – deyə aparıcı bildirib.
Ağasəfqızı efirdə saxta ailə və insan obrazlarının yaradılmasını sərt tənqid edib:
"Mələk obrazı, əxlaq keşikçisi, namus maskası, rəngləri qarışıq ailə tablosu, papağı cibində ər görüntüsü, yaxud da ərin maketləşmiş, teatrallaşmış miskin baxışları... Bütün bunları özünüzə saxlayın, bizə sırımayın!"
O, xüsusilə peşəkarlıq məsələsinə toxunaraq, orijinallığın önəmli olduğunu qeyd edib:
"Beyin, bilik, ağıl, istedad və ən vacib səmimiyyət! Plagiat yaramaz. "Fatma xala, Gülpəri nənə" adından tərif qoşsalar belə, əgər obraz mükəmməl deyilsə, sadəcə sifarişlə yaradılmış bir "copy-paste" olacaqsınız."
Aparıcının bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub.