Emin Ağalarov yeni vəzifəyə təyin edildi

Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında Emin Ağalarov yeni İdarə Heyəti sədri seçilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslərin iştirak etdiyi tədbirdə, Şuranın tərəfdaşlıq mexanizmləri və iqtisadi əlaqələrin inkişafı mövzularında müzakirələr aparılıb.

Emin Ağalarov yeni vəzifəyə təyin edildi
Emin Agalarov
reklam

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. İclasda rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən 90-dan çox qurum və təşkilatın nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov, iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb və iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, Azərbaycan-Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyəti haqqında danışıb. O, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılmasının işgüzar əlaqələri möhkəmləndirdiyini qeyd edib.

İki ölkənin biznes dairələri tərəfindən yaradılan Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov, təşkilatın ticarət və işgüzar əlaqələrin inkişafı istiqamətində atdığı addımları diqqətə çatdırıb.

İclasın sonunda, Şuranın İdarə Heyətinə seçkilər keçirilib və Emin Ağalarov yeni İdarə Heyətinin sədri seçilib. Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edən Emin Ağalarov, biznes dialoqun intensivləşdirilməsi və işgüzar dairələr arasında tərəfdaşlıq imkanlarının genişləndirilməsi üçün səyləri artırmağı planlaşdırdığını bildirib.

Tədbirdə, Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura, Azərbaycan və Rusiya hökumətləri ilə fəal əməkdaşlıq edərək iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir.

reklam
reklam