Modelə futbolçuya böhtan atması nəticəsində həbs cəzası verildi
İspaniya məhkəməsi, 2017-ci ilin iyun ayında "Milan"ın futbolçusu Teo Hernandesə böhtan atan rusiyalı model Luiza Kremlevanı 6 ay həbs cəzasına məhkum edib.
İspaniyanın Malaqa şəhər məhkəməsi, "Milan"ın futbolçusu Teo Hernandesə böhtan atan rusiyalı model Luiza Kremlevanın həbsinə qərar verib.
Hadisə 2017-ci ilin iyun ayında baş verib. Kremleva, Hernandesin ona narkotik maddə verdikdən sonra Marbelladakı bir gecə klubunun dayanacağında ona təcavüz etdiyini və döydüyünü iddia edib. Ancaq modelin qanında narkotik maddə tapılmayıb və cinsi əlaqə faktı təsdiqlənib. Futbolçu, hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini söylədikdən sonra ona qarşı irəli sürülən ittihamlar ləğv olunub.
Kremleva günahını etiraf edib və yanvarın 9-da İspaniya məhkəməsi ona 6 ay həbs cəzası verib.
Teo Hernandes 2019-cu ildən "Milan"ın heyətindədir. Bu mövsümdə, İtaliya klubunun oyunçusu 22 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.