Müğənniləri toydan uzaqlaşdırır?
Əməkdar artist Xəyyam Nisanov həmkarlarının ona qarşı irəli sürdüyü "toylarda monopoliya yaratmaq" ittihamlarına cavab verib. O, yalnız peşəkarlığa önəm verdiyini və təsadüfi insanların musiqi sahəsində yer almamasını istədiyini bildirib.
Əməkdar artist Xəyyam Nisanov bəzi həmkarlarının ona qarşı səsləndirdiyi "toy bazarında monopoliya yaratmaq" ittihamlarına cavab verib. "Özəl" proqramında aparıcı Kazım Sübhanın bu mövzunu gündəmə gətirməsinə münasibət bildirən Xəyyam deyib: "Monopoliya haqqında sadəcə oyun görmüşəm. Mən də bu cür şayiələri eşidirəm. Düşünürəm ki, belə fikirlər səsləndirən insanlar vaxtlarını daha çox əyləncəyə sərf edirlər. Mən isə öz işimlə məşğulam və bunu peşəkarcasına edirəm. Toy müğənnisiyəm və məhz toyu idarə etməkdə özümü rahat hiss edirəm. Böyük səhnələrdə çıxış etmək hələ ki mənim çərçivəmə uyğun deyil. Amma mənim işimdə təsadüfi insanlara yer yoxdur". O, həmçinin əlavə edib: "Bir insanı istəmədikdə onu toya dəvət etdirmək mümkün deyil. Peşəkar olmayanları sevmirəm. Təəssüf ki, bu sahəyə təsadüfən gələnlər var və onlar da özlərinə müğənni deyirlər. Mənə isə musiqiçi demələrini istərdim". Xatırladaq ki, daha əvvəl müğənni Nura Suri Xəyyam Nisanovun bəzi müğənniləri toy bazarından kənarlaşdırdığına dair açıqlamalar vermişdi.