"Oğlan kimi xasiyyətim var idi, at çapmağı çox sevirdim"-VİDEO
"Oğlan kimi xasiyyətim var idi, at çapmağı çox sevirdim"-VİDEO
Məşhur ifaçı Almazxanım Musayeva uşaqlıq illərindən, musiqiyə gəlişindən və şəxsi həyatından danışıb. O, məktəb illərində fəal və sərbəst xasiyyəti ilə seçildiyini, atasının ona dəstək olduğunu bildirib. Sənət dostu ilə ailə həyatı quran ifaçı, həyat yoldaşının gizli nişanlı olduğunu öyrəndikdən sonra ondan ayrıldığını etiraf edib.
Tanınmış ifaçı Almazxanım Musayeva "O vaxtlar" verilişində həyat yolundan və musiqiyə gəlişindən danışıb. O, uşaqlıq illərində müəllimlərin və sinif yoldaşlarının sevimlisi olduğunu bildirib:
"Məktəbdə müəllimlərim mənə mahnı oxudurdular. Hətta 8-ci sinifdə imtahanda belə oxumağımı istədilər və bunun əsasında qiymət verdilər. Uşaqlar məni çox istəyirdi. Aktiv qız idim, oğlan kimi xasiyyətim var idi. At çapmağı çox sevirdim və həmişə atamın yanında olurdum."
Musiqi təhsilini almaq üçün Gədəbəydən Bakıya gələn ifaçı əvvəlcə Kitabxanaçılıq fakültəsinə qəbul olunsa da, sonradan musiqiyə yönəldiyini deyib:
"Atam həkim idi və müasir düşüncəli insan olduğuna görə bu qərarıma etiraz etmədi. Musiqi təhsili alandan sonra toy məclislərində çıxış etməyə başladım."
Ailə həyatından da danışan ifaçı, keçmiş həyat yoldaşının sənət dostu olduğunu bildirib:
"O dövrdə məni sevənlər çox idi, amma mən yalnız sənətimi düşünürdüm. Həyat yoldaşım sənət dostum idi, aramızda hörmət vardı. Sonradan bildim ki, o, əmisinin qızı ilə nişanlı imiş. Ondan bunu mənə niyə demədiyini soruşanda 'Xəbərin olsaydı, razı olmazdın' cavabını verdi. Bundan sonra ayrıldım. Ayrılandan sonra məni çox axtardı, mənimlə evlənmək istəyənlər çox oldu, amma razı olmadım. Çünki artıq könlüm sınmışdı."