Prokuror Xalq artisti üçün cəza istədi
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Prokuror Ağayevin 2 il şərti azadlıqdan məhrum edilməsini tələb edib. Son qərar martın 6-da veriləcək.

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə davam edən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror, Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətinə şərti azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə zamanı təqsirləndirilən şəxsin vəkili son söz üçün vaxt istəyib. Növbəti məhkəmə iclası martın 6-na təyin olunub.
Xatırladaq ki, ötən ilin iyul ayında Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Mübahisə zamanı Xalq artisti mühafizəçiyə balta atıb, lakin balta təsadüfən klinikada çalışan N. Paşayevaya dəyərək ona xəsarət yetirib. Mühafizəçi isə cavab olaraq Ağadadaş Ağayevi döyüb.
Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi davam edib. Ağadadaş Ağayev xəstəxananı məhkəməyə verərək mənəvi ziyana görə 450 min manat tələb edib. Eyni zamanda, "Medera Hospital" rəhbərliyi də Ağadadaş Ağayevə qarşı iddia qaldıraraq ondan 500 min manat təzminat istəyib.
Yanvarın 8-də tərəflər arasında barışıq əldə olunub. Binəqədi Rayon Məhkəməsi isə Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.
Martın 6-da keçiriləcək məhkəmə iclasında son qərarın elan olunması gözlənilir.