Qardaş Ölkədə Azərbaycan Gecəsi - FOTOLAR
Ankara şəhərində keçirilən “Azərbaycan Gecəsi” konsert proqramı çərçivəsində iki ölkə arasındakı mədəni əlaqələr bir daha diqqətə çatdırılıb. Tədbirdə müxtəlif sahələrdən olan qonaqlar iştirak edib, Azərbaycan və Türkiyə arasındakı tarixi yaxınlıq və əməkdaşlıq mövzuları müzakirə olunub.
Ankara şəhərində Gənclik Parkının Mədəniyyət Mərkəzində təşkil olunan “Azərbaycan Gecəsi” adlı konsert proqramı böyük maraqla qarşılanıb. Tədbirdə diplomatlar, mədəniyyət və ictimaiyyət xadimləri, yerli azərbaycanlılar və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açılışda çıxış edərək iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətindəki tədbirlərdən bəhs edib. O, həmçinin, Azərbaycan və Türkiyənin mədəniyyət sahəsindəki tarixi yaxınlıqlarına diqqət çəkərək, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladıb.
Samir Abbasov, Prezident İlham Əliyevin qərarı ilə Türkiyədə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının, ölkələr arasında mədəni əlaqələri daha da möhkəmləndirdiyini və Azərbaycan mədəniyyətinin dünyada daha yaxşı tanıdılmasına mühüm zəmin yaratdığını vurğulayıb. O, həmçinin, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən layihələr, konsertlər və sərgilər haqqında məlumat verib.
Tədbirdə çıxış edən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Serkan Erkmen, iki ölkə arasındakı sıx əməkdaşlığı, xüsusilə UNESCO çərçivəsindəki fəaliyyətləri qeyd edərək, 13 ortaq mədəni irs obyektinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib.
Azərbaycan Mədəniyyət Mərkəzinin "Zəngəzur" Rəqs Ansamblının nümayişi ilə davam edən gecədə, xalq artistləri Gülyanaq Məmmədova və Əlixan Səmədov da öz ifaları ilə iştirak edib. Tədbirin sonunda, Ulu Öndər Heydər Əliyevə həsr olunan xüsusi hissə təqdim olunub və Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasından seçmələr göstərilib.