Məşhur rusiyalı müğənni Alla Puqaçova sifarişli qətlin təşkilində ittiham edilib və dindirməyə çağırıla bilər.
Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin (FTKL) rəhbəri Vitali Borodin ona qarşı sui-qəsd cəhdinin olduğunu iddia edib. O, bu hadisənin təşkilində müğənni Alla Puqaçovanın, eləcə də müxalifət nümayəndələri Mixail Xodorkovski və Leonid Nevzlinin iştirak etdiyini irəli sürüb.
Borodin martın 9-da NTV kanalında yayımlanan "Yeni rus sensasiyaları" verilişindən sonra Rusiya İstintaq Komitəsinə müraciət edib. Verilişdə onun Puqaçova ilə bağlı səsləndirdiyi fikirlərin və müğənninin xarici agent elan edilməsi, dövlət təltiflərindən məhrum olunması kimi məsələlərin mümkün hücumun səbəbi ola biləcəyi qeyd edilib.
Borodin məsələ ilə bağlı istintaqın aparılacağına və aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunacağına əmin olduğunu bildirib. O, cinayət işinin açılacağına ümid etdiyini və Alla Puqaçovanın dindirilmək üçün çağırılmasını vacib saydığını vurğulayıb. Bundan əlavə, o, öz həyatından narahat olduğunu qeyd edərək ədliyyə general-mayoru Andrey Strijova rəsmi ərizə ilə müraciət etdiyini açıqlayıb.
Qeyd edək ki, FTKL rəhbəri daha əvvəl də bir sıra mədəniyyət nümayəndələrini, o cümlədən Liliya Axedjakova, Layma Vaykulene, Semyon Slepakov və Danila Kozlovskini müxtəlif ittihamlarla hədəfə alıb. Hətta o, Santa-Klausun da xarici agent kimi tanınmasını təklif edərək bunu onun rus mədəniyyətinə alternativ yaratmaq cəhdi ilə əlaqələndirib.
Bundan əlavə, Puqaçova və onun həyat yoldaşı Maksim Qalkinə məxsus olan Qryaz kəndindəki qala da yerli sakinlərin narazılığına səbəb olub. Onlar binanın kəndin ümumi görünüşünə uyğun gəlmədiyini və sökülməli olduğunu iddia edirlər.