"Allah onların cavabını versin"
Xalq artisti Brilliant Dadaşova mahnılarının YouTube-dan silindiyini açıqlayıb. O, bunun qəsdən edildiyini iddia edərək, sənətinə zərər verməyə çalışan insanları qınayıb.

Xalq artisti Brilliant Dadaşova mahnılarının YouTube platformasından silindiyini və kanalının dağıdıldığını açıqlayıb. Müğənni bu barədə "Zaurla Günaydın" verilişində danışıb.
"Mahnılarımın hamısını YouTube-dan siliblər. Repertuarımda yer alan "Sevəcəyəm" mahnısını hər kəs tanıyır, amma indi baxış sayı cəmi 10 nəfərdir. Bu, necə ola bilər? Əvvəllər şəxsi saytım var idi və bütün mahnılarım orada yerləşdirilmişdi," – deyə Brilliant Dadaşova bildirib.
Sənətçi YouTube kanalının qəsdən hədəf alındığını və bütün mahnılarının silindiyini vurğulayıb:
"Məcbur oldum ki, mahnılarımı yenidən YouTube-a yerləşdirim. Sənətimi vurmaq mümkün deyil, amma belə mərdimazarlıq edənlər var. Repertuarımda yer alan "Bayatılar" mahnısı Eldar Mansurovun rəsmi YouTube kanalında var və baxış sayı milyonlarla ölçülür. Mənim kanalımı isə məhv etdilər. Allah onların cavabını versin," – deyə Xalq artisti əlavə edib.