“Anam ermənidir, amma mən türkəm”

Türk rok musiqisinin əfsanəvi siması Cem Karaca həyatının son illərində Azərbaycan və Qarabağ sevgisini açıq şəkildə ifadə edib. Anası erməni olsa da, atasının Azərbaycan kökləri ilə fəxr etdiyini bildirən sənətçi, "Karabağ" mahnısı ilə millət sevgisini nümayiş etdirib. Lakin onun bu mövqeyi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

“Anam ermənidir, amma mən türkəm”
Cem Karaca
reklam

Türkiyə rok musiqisinin banilərindən biri sayılan məşhur müğənni, kino və teatr aktyoru Cem Karaca, ömrünün son illərində Azərbaycan və Qarabağ sevgisini açıq şəkildə ifadə edirdi. O, anasının erməni olmasına baxmayaraq, atasının Azərbaycan kökləri ilə fəxr etdiyini və özünü türk hesab etdiyini vurğulayırdı.

Cem Karaca 1945-ci ildə İstanbulda sənətçi ailəsində dünyaya gəlib. Onun atası teatr aktyoru Mehmet Karaca, anası isə opera və teatr sənətçisi Toto Karaca idi. Musiqiyə uşaqlıqdan maraq göstərən Cem, sonradan Türkiyə rok musiqisinin simalarından birinə çevrildi. "Apaşlar", "Kardaşlar" və "Moğollar" kimi qruplarla birlikdə türk rok janrına yeni nəfəs gətirdi.

Siyasi baxışlarına görə müxtəlif dövrlərdə təzyiqlərə məruz qalan sənətçi, sosialist fikirləri ilə tanınsa da, zamanla milliyyətçi ideyalara yaxınlaşdı. Xalq ozanı Dadaloğlunun sözlərinə bəstələdiyi "Dadaloğlu" mahnısı azadlıq simvoluna çevrildi. 1980-ci illərdə siyasi səbəblərlə Almaniyaya mühacirət etməyə məcbur oldu və Türkiyə vətəndaşlığından çıxarıldı. Lakin 1987-ci ildə Turqut Özalın səyləri ilə yenidən vətəndaşlığını bərpa etdi və Türkiyəyə qayıtdı.

Cem Karacanın Qarabağ sevgisi isə 1990-cı illərdə daha da gücləndi. Azərbaycanın Qarabağ hadisələri ilə çalxalandığı dövrdə, 1992-ci ildə "Nerede Kalmıştık" albomunu buraxdı. Bu albomdakı “Karabağ” mahnısı onun türk millətçiliyinə yönəlməsinin açıq göstəricisi oldu.

Türkiyədə jurnalist İbrahim Nəbioğlunun xatirələrinə görə, Cem Karaca Azərbaycanın Qarabağla bağlı acılarını dərindən hiss edirdi. Hətta 1995-ci ildə o, jurnalistə verdiyi müsahibədə "Anam ermənidir, amma mən türkəm" sözlərini işlədərək, erməni zülmünü açıq şəkildə pisləmişdi.

Lakin onun Azərbaycana dəvət olunmaq arzusu reallaşmadı. Hətta AzTV-yə verdiyi müsahibəsi belə efirə çıxmadı və lent yazısı naməlum şəkildə itib. Bunun səbəbi isə bəzi dairələrin onun anasının erməni olması ilə bağlı narahatlıqları idi.

reklam
reklam

Cem Karaca 2004-cü ildə 59 yaşında dünyasını dəyişdi. Onun vəfatından sonra “Karabağ” mahnısı bir çoxları üçün yenidən kəşf edildi. Lakin bir çox tənqidçilər hesab edir ki, onun bu möhtəşəm mahnısı layiq olduğu diqqəti görmədi.

Cem Karaca tək bir mahnısı ilə belə Qarabağa və Azərbaycana dərin sevgisini nümayiş etdirdi. Onun “Karabağ” mahnısı türk musiqisində milliyyətçi ruhun ən təsirli ifadələrindən biri olaraq qalır.