Müğənni Nəfəs "Gün Ortası" verilişində şəxsi həyatından və atası ilə bağlı xatirələrindən danışıb. O, ilk övladını dünyaya gətirərkən atasının yanında olduğunu vurğulayaraq həmin anları geri qaytarmaq istədiyini deyib:
"Həmin gün atam əlimdən tutub, yanımda olub. O, mənim yaralarıma, dərdlərimə dərman oldu. Oğlumu dünyaya gətirərkən atamın gücünü hiss etmə sevinci yaşamışam. Oğullar analarından dəstək gözlədiyi kimi, qızlar da atalarından o gücü alırlar. Deyirlər, ana dünyasını dəyişəndə ürəyin, ata vəfat edəndə isə kürəyin parçalanır. Hazırda kürəyimi boş hiss edirəm. Atam kimi həyat yoldaşı istəmirəm, çünki onu heç bir kişi əvəz edə bilməz."
Nəfəs bəzi qadınların ata sevgisi əskikliyini başqa kişilərdə axtardığını, lakin bunun doğru yanaşma olmadığını qeyd edib:
"Biz özümüz güclüyük. Vaxtında atamızın bizə verdiyi gücü daim üzərimizdə daşıyırıq."
Müğənni övladları ilə fəxr etdiyini və onların xoşbəxtliyi üçün əlindən gələni etdiyini vurğulayıb. İşinin çətinlikləri səbəbindən övladlarına kifayət qədər zaman ayıra bilmədiyini deyən sənətçi, buna baxmayaraq, Allahın ona verdiyi gücə görə şükr etdiyini bildirib.