Aparıcının həyətinə meteorit düşdü

Aparıcı Leyla Mustafayeva evinin həyətinə meteorit düşdüyünü açıqlayıb. O, daşın tapıldığı ərazidə 20-30 sm dərinliyində çuxur əmələ gəldiyini bildirib. Hadisə ictimaiyyət arasında maraq doğursa da, bəzi izləyicilərin sərt və mənfi reaksiyası ilə qarşılanıb.

Aparıcının  həyətinə meteorit düşdü
Leyla Mustafayeva
reklam

"Hadisə gecə baş verib və bizim xəbərimiz olmayıb. Səhər anam həyətdə göyərti əkilmiş yerdə 20-30 sm dərinliyində və 15-20 sm diametrində çuxur görüb. Əvvəlcə atamın nəsə qazdığını düşünüb və onların arasında kiçik bir mübahisə yaşanıb. Daha sonra daş diqqətimizi çəkdi və Türkiyədəki dostlarımıza göndərdik. Onlar bunun meteorit olduğunu bildirdilər. Rəsmi olaraq Geologiya və Geofizika İnstitutuna müraciət etdik. Araşdırma aparıldıqdan sonra daş analiz ediləcək", - deyə aparıcı bildirib.

Lakin sosial şəbəkələrdə yayılan xəbər bəzi izləyicilərin gözlənilməz reaksiyası ilə qarşılanıb. Aparıcı bəzi sərt şərhlərə belə cavab verib:

"İnsanlar bir-birinin sevincinə şərik ola bilmir. Hətta yazıblar ki, kaş daş mənim başıma düşərdi. Mən kimə nə etmişəm? Biri də yazıb ki, qarğış yan keçib. İnsanların bu qədər mənfi reaksiyası təəccüblüdür. Meteorit təkcə Amerikaya düşmür, dünyanın hər yerində belə hallar yaşana bilər".

Hazırda meteorit olduğu ehtimal edilən daşın elmi araşdırmalara cəlb edilməsi üçün müvafiq qurumlarla əməkdaşlıq aparılır.