Azərbaycan estradasının əfsanəsi: Mirzə Babayevin ömür nəğməsi

Mirzə Babayev musiqisi, aktyorluğu və memarlığı ilə Azərbaycan sənətinə dəyərli töhfələr verib. Cazdan estradaya, kinodan teatr səhnələrinə uzanan bu möhtəşəm sənət yolunda onun adı unudulmazlar sırasındadır.

Azərbaycan estradasının əfsanəsi: Mirzə Babayevin ömür nəğməsi
Mirzə Babayev
reklam

Mirzə Babayev Azərbaycan musiqisinin və teatr səhnələrinin parlaq simalarından biri olub. O, "Limanlar", "Saçlarına gül düzüm", "Uzaq yaşıl ada", "Kəpənək", "Bir axşam", "Dayan, zaman", "Gəlmədi", "Kimlər gəldi, kimlər getdi", "Pəncərəmə qondu çiçək", "Qurban olum", "Düşürsən yadıma" kimi məşhur mahnıları ilə dinləyicilərin qəlbində silinməz iz qoyub. Bu gün də həmin mahnılar onun öz ifasında unudulmaz olaraq qalır.

Əslən Maştağadan olan sənətkar 1913-cü il iyulun 16-da dünyaya göz açıb. Atası Əbdülcabbar təhsilə və savada böyük önəm verən bir insan olub, övladlarının yaxşı təhsil almasına çalışıb. Anası Sona xanım isə musiqiyə xüsusi marağı ilə seçilib.

Mirzə Babayev musiqi fəaliyyətinə tələbəlik illərində başlayıb. Caz və estrada janrlarının inkişafında əvəzsiz rolu olan sənətkar eyni zamanda aktyor kimi də tanınıb. O, "Dərviş Parisi partladır", "Bəyin oğurlanması", "Qorxma, mən səninləyəm", "Şir evdən getdi", "Qızmar günəş altında" kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Bülbülün sinfində təhsil alsa da, estrada musiqisinə yönələn Babayevin səhnəyə yolunu açanlardan biri bəstəkar Tofiq Quliyev olub. O, müğənninin caz və estrada musiqisi sahəsindəki istedadını kəşf edərək, ona yeni üfüqlər açıb.

Bundan əlavə, Mirzə Babayev memarlıq sahəsində də fəaliyyət göstərib. O, "Vətən" kinoteatrının və bir sıra inzibati binaların layihələndirilməsində iştirak edib. Lakin onun əsl şöhrəti musiqi və kino sahəsində olub.

Uzun illər rəsmi səhnələrdə estrada janrına ciddi yanaşılmasa da, o, öz üslubunu qoruyub saxladı. O, estrada janrının banilərindən biri olmaqla yanaşı, bu sahənin Azərbaycanda inkişafına böyük töhfə verib.

reklam
reklam

1990-cı illərdə sənətkarın səhnəyə qayıdışı Brilliant Dadaşovanın onunla birlikdə duet ifa etməsi ilə baş tutdu. Bununla da Babayevin yaradıcılığının yeni dövrü başladı.

Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli Mirzə Babayev 2003-cü ilin yanvarında, 89 yaşında dünyasını dəyişib. Onun mahnıları, ifaları və filmlərdəki rolları isə bu gün də sevgi ilə xatırlanır.