Bloger Aynişan Quliyeva boşanma dönəmində yaşadıqlarından danışıb. O, "Pərvizə görə" proqramında verdiyi müsahibədə həmin dövrün həyatının ən ağır zamanları olduğunu bildirib:
"İnsanlara qarşı aqressivləşmişdim. Çünki niyə hər kəs hər şeylə maraqlanır? Yaxşı bir şey olanda bu, insanı narahat etmir, amma problem zamanı hər kəs sorğu-sual edəndə özünü sıxılmış hiss edirsən. Amma başa düşdüm ki, buna şərait yaradan özüm olmuşam. Əgər şəxsi həyatını müzakirə olunmasını istəmirsənsə, əvvəldən paylaşmamalısan. Yoxsa sadəcə "evləndim, bitdi" deməklə kifayətlənməlisən."
Aynişan, həyatındakı hadisələri paylaşdığı üçün insanların onun boşanması ilə bağlı açıqlama gözlədiyini də vurğulayıb:
"Şəxsi həyatımla bağlı xəbərlər yayılanda çətinliklər yaşadım, tez bitməsini istəyirdim. İndi insanlara qarşı kin saxlamıram. Daha əvvəl küsdüyüm insanlarla uzun müddət barışmırdım. Amma son vaxtlar daha anlayışlı olmağa çalışıram. Mənim üçün əsas olan öz zəhmətimlə arzularıma çatmaqdır."
Bloger eyni zamanda, illər keçdikcə daha yetkin düşünməyə başladığını və kiçik şeylərdən xoşbəxt olduğunu qeyd edib:
"İnsanlar "qocalmısan" yazırlar. Bu, normaldır. Mən bir çox arzuma çatmışam və bu "qocalma" uğurlu davam edir. Əsas odur ki, insan öz hədəflərinə çatsın və zəhməti ilə uğur qazansın."
Aynişan Quliyeva, öz zəhməti ilə ev sahibi olmağı qarşısına məqsəd qoyduğunu da bildirib:
"Anam mənə kömək təklif etdi, amma mən öz gücümlə nələrəsə nail olmağı qarşıma məqsəd qoymuşam. Anam da buna şahid olduqca qürurlanır."