Məşhur müğənni Kəmalə Günəşli son müsahibəsində şəxsi və sənət həyatına dair maraqlı açıqlamalar verib. O, uzun illər toy sənətində fəaliyyət göstərdiyini və əsasən Şirvan və cənub bölgəsində populyar olduğunu bildirib.
Sənətçinin sözlərinə görə, efirlərə çıxmaq üçün pul ödəsə də, ona əsl məşhurluğu "Tamara" mahnısı qazandırıb. "Bu mahnını oxuyandan sonra bir gecədə məşhur oldum" deyə müğənni qeyd edib. O, həmçinin sosial şəbəkələrdə tez-tez "Niqulya xanım" adı ilə çağırılmasına toxunaraq, prodüseri Nigar xanımı özü məşhurlaşdırdığını vurğulayıb.
Ailəsindən danışan Kəmalə Günəşli ikinci dəfə ailə qurduğunu və həyat yoldaşının musiqiçi olduğunu açıqlayıb. "Gözəl ailəm var, məni anlayır" deyən sənətçi, övladlarından birinin əsgər olduğunu və bir qızının da olduğunu bildirib.
Toy qiymətləri ilə bağlı suallara cavab verən müğənni, hər kəsin imkanlarını nəzərə aldığını qeyd edib. O, bəzi hallarda məclislərdə 15 dəqiqəlik çıxış edərək daha münasib qiymətə oxuduğunu deyib. Kəmalə Günəşli, son dövrlərdə daha çox yarım saatlıq toy dəvətləri aldığını və artıq "palatka" toylarına getmədiyini bildirib: "Bu toylar ağır olur, nəfəs və peşəkarlıq tələb edir".
Sənətçi xarici ölkələrdə dəvət aldığı tədbirlərdən də danışaraq, xüsusilə "Çini çaydan" mahnısı ilə Özbəkistan, Gürcüstan, Moskva və hətta Çitaya qədər səfər etdiyini vurğulayıb. O, sosial mediada hesablarının bağlanması ilə bağlı problemlər yaşasa da, sənətində irəliləməyə davam etdiyini bildirib.
Plastik əməliyyatlar barədə suala cavab verən müğənni yalnız bədən şəkilləndirmə etdirdiyini, üzündə cərrahiyyə əməliyyatı olmadığını deyib. O, toylarda qadınların onu həyat yoldaşlarına qısqanmasının tez-tez rast gəlinən hal olduğunu da əlavə edib.
Son olaraq, gələcək planlarından danışan Kəmalə Günəşli artıq sənətində zirvəyə çatdığını bildirib: "Bəsimdir, bundan sonrası Allaha qalıb".