“Kinoya ayrılan pulun hara və necə xərcləndiyini bilmirik”
Xalq artisti Rasim Balayev kino sahəsinə ayrılan vəsaitin şəffaflıqla xərclənmədiyini bildirib. O, Cəfər Cabbarlı adına Kinostudiyanın uzun illərdir boş qalmasına etiraz edib.

Dünən "Cinema Talks" çərçivəsində keçirilən panel müzakirədə kino sahəsinə ayrılan pulların təyinatı üzrə xərclənməməsi ilə bağlı müzakirələr gərgin anlara səbəb olub. Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarov və Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu bu məsələdə fikir ayrılığı yaşayıblar.
Əlisa Cabbarov kino sahəsinə ayrılan vəsaitin hesabda qaldığını və lazımi formada xərclənmədiyini vurğulayıb:
"Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir."
Buna cavab olaraq Orxan Fikrətoğlu isə ayrılan vəsaitin kinoya yönləndirildiyini iddia edib:
"Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda '44', 'Borc', 'Doğma torpaq' kimi filmlərin təqdimatı olacaq."
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev isə Qaynarinfo-ya açıqlamasında xəstə olduğu üçün tədbirə qatıla bilmədiyini bildirib. O, kino sahəsinə ayrılan pulların şəffaflıqla xərclənmədiyini qeyd edib:
"Kinoya ayrılan və xərclənən pullar şəffaf olmalıdır. Məsələn, bu gün 'Azərbaycanfilm'ə pul vermirlər. Niyə? O boyda studiya qalıb göz dağı kimi. Əgər studiya varsa niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verilir, bu açıqlanmalıdır. Əlisa düz deyir."
O, dövlətin kino sahəsinə ayırdığı vəsaitin Mədəniyyət Nazirliyi tərəfindən Kino Agentliyinin hesabına köçürüldüyünü vurğulayıb və Cəfər Cabbarlı adına Kinostudiyanın boş qalmasına etiraz edib:
"Biz kino çəkən deyilik, amma ayrılan pullar kino çəkənlərə, kinostudiyaya verilməlidir. Amma bu gün proseslər elə gedir ki, bizim heç nədən xəbərimiz yoxdur. Pulun hara və necə xərcləndiyini bilmirik. Kinostudiya illərdir boş qalıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Səbəbini desinlər, biz də bilək."
Kino sahəsindəki bu gərginlik sənət adamları və ictimaiyyət tərəfindən geniş müzakirə olunur.