Qədir Rüstəmovun xanımı xatirələrini bölüşdü-FOTOLAR

Mərhum xanəndə Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova sənətkarın incik düşdüyü məşhur zarafatlar barədə danışıb. O, həyat yoldaşının yazıçı Anarın və kaman ifaçısı Habil Əliyevin sözlərinə görə necə narahat olduğunu açıqlayıb.

Qədir Rüstəmovun xanımı xatirələrini bölüşdü-FOTOLAR
Qədir Rüstəmov və Fatma Rüstəmova
reklam

Mərhum xanəndə Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova sənətkarla bağlı maraqlı xatirələrini bölüşüb.

O, Qədir Rüstəmovun "Uzun ömrün akkordları" filmində Cabbar Qaryağdı obrazına çəkilməsi ilə bağlı maraqlı bir hadisəni danışıb:

"Yazıçı Anar bu film üçün Qədirin mütləq çəkilməsini istəyirdi. Onun səsi və zahiri görünüşü Cabbar Qaryağdıya bənzədiyi üçün bu rolda məhz onu görürdü. Lakin yoldaşım çox kaprizli insan idi, filmdə çəkilməyə o qədər də marağı yox idi. Çəkiliş üçün onu evdə tapa bilmirdilər. Çəkiləndə isə qrimə razılıq vermirdi, deyirdi ki, belə şeylərdən xoşu gəlmir. Anar nəhayət, böyük çətinliklə onu razı sala bildi. Daha sonra jurnalistlər yazıçı Anardan soruşublar ki, 'Qədir müəllimi filmə necə çəkə bildiniz?' Anar isə zarafatla cavab verib: 'Baxır ovçusuna'."

Fatma Rüstəmovanın sözlərinə görə, bu ifadə Qədir Rüstəmovun xətrinə dəyib: "Deyirdi, 'bəyəm mən ovam?' Tez inciyən adam idi."

Xanəndənin başqa bir inciyən hadisəsi isə kaman ifaçısı Habil Əliyevlə bağlı olub. Onlar toylara birlikdə gedər və yaxşı münasibət saxlayardılar. Lakin bir dəfə Habil Əliyevin zarafatyana dediyi bir söz Qədir Rüstəmovun xoşuna gəlməyib:

"Habil müəllim müsahibəsində deyib ki, 'Alim Qasımovla Qədir at kimi kişnəyirlər'. Bu sözlər yoldaşımın xətrinə dəydi. O da Habilə cavab olaraq 'Sən də qoca vaxtında cücələrim mahnısını çalırsan' demişdi. Aralarında zarafat atmacaları olurdu, amma bir-birilərini çox sevirdilər."

reklam
reklam