"Röya xanım bu sadəliyi edirsə, sən necə etməyəsən?" - Aysun İsmayılova
Müğənni Aysun İsmayılova Elza Seyidcahanın "Şou-biznesə gələnlər zir-zibillərdir" açıqlamasına reaksiya verib. O, sənətçiləri kateqoriyalara bölməyin mənasız olduğunu bildirərək Xalq artisti Röya Ayxanın sadəliyindən nümunə götürməyi tövsiyə edib.
Aysun İsmayılova "Gün ortası" proqramında Əməkdar artist Elza Seyidcahanın şou-biznes nümayəndələrini "zibil" adlandırmasına cavab verib. Müğənni bu ifadənin etik olmadığını vurğulayıb:
"İnsana zibil demək nə dərəcədə doğrudur? Hər birimizi Allah yaradıb. Mən özümü zibil saymadığım üçün bu sözləri üzərimə götürmürəm. Lakin belə ifadələr etikadan uzaqdır. Mənim Elza xanıma böyük hörmətim var, ondan bunu gözləməzdim."
Aysun həmçinin sənətçiləri kateqoriyalara ayırmağın absurd olduğunu qeyd edib:
"Şou-biznesin içində böyümüş biriyəm. İnsanları A, B, C kateqoriyalarına bölmək nəyə lazımdır? Hər sənətçinin öz tamaşaçısı var və ona görə birinci sıradadır. 'A klass' deyirsiniz, amma həqiqətdə saxtalığa işarə edir."
Sənətçi Xalq artisti Röya Ayxanın sadə davranışlarını yüksək qiymətləndirib:
"Röya xanım Xalq artistidir. O belə hər kəsə 'qızım', 'quzum' deyə müraciət edirsə, sən necə etməyəsən? Bu sadəlik hər kəsə nümunə olmalıdır."