Müğənni Nadir Qafarzadə şou-biznesdə baş verən hadisələrlə bağlı sərt çıxışı ilə gündəmə gəlib. O, sənət aləmində bəzi şəxslərin maddi maraqlar qarşılığında fərqli mövqe sərgilədiyini bildirib. Müğənni efirdə başqalarını tərifləyənlərin arxada əks fikirdə olduqlarını vurğulayaraq, bu cür davranışları qəbul etmədiyini söyləyib.
“Mənim yanımda kimisə pisləyirsiniz, amma efirə çıxıb onları tərifləyirsiniz. Bu, mənə çatmır. İnsan ya bir mövqeyi olsun, ya da sənətdən uzaq dursun. Xalq sizi tanımalıdır, satılmayın! Sənətkar olmaq üçün ilk növbədə şəxsiyyət olmalısınız” – deyə o bildirib.
Nadir Qafarzadə, sənət aləmindəki bu vəziyyətin uzun illər davam etdiyini və insanların bu cür hallara alışdığını qeyd edib. O, Xalq artisti Flora Kərimovanı nümunə göstərərək, onun heç vaxt kimdənsə hədiyyə qəbul etmədiyini və sənətində möhkəm mövqeyə sahib olduğunu bildirib.
Qafarzadənin bu çıxışına səbəb Əməkdar artist Teymur Əmrahın "Gün ortası" verilişində bəzi ifaçılar barədə dediyi fikirlər olub. Əmrahın Şəbnəm Tovuzlu, Damla, Manaf Ağayev və Zeynəb Həsəni haqda “onların səsi var, gözəl ifaçılardır” sözləri Nadir Qafarzadənin narazılığına səbəb olub. Müğənni, bəzi sənət adamlarının reallıqdan uzaq olduğunu və yalnız maddi maraqlara görə danışdığını vurğulayıb.
O, dünənki paylaşımlarından birini silmək məcburiyyətində qaldığını da əlavə edib. Sözlərinə görə, həmin paylaşım ünvanına çatdığı üçün bəzi şəxslər tərəfindən silinməsi istənilib. Lakin o, fikrinin arxasında dayandığını və sənət aləmindəki bu halların ifşa olunmasının vacibliyini qeyd edib.