“Siyahıda adımı gördüm, sevindim”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Respublikası Kino Agentliyinin nəzdində fəaliyyət göstərən Bədii Şuranın üzvlərindən biri olub. O, kinostudiyanın fəaliyyətinin bərpasını vacib hesab etdiyini və Bədii Şuranın kino sahəsində mühüm rol oynayacağını bildirib.

“Siyahıda adımı gördüm, sevindim”
Şeyx Əbdül
reklam

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən yaradılan Bədii Şuranın üzvləri arasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov da yer alıb. O, bu barədə fikirlərini bölüşərək, kinostudiyanın yenidən fəaliyyətə başlamasının vacibliyini vurğulayıb.

“Kinostudiya tarixdir və böyük gəlir mənbəyidir. Siyahıda adımı gördüm və sevindim. Mən dəfələrlə məsələ qaldırmışdım ki, Azərbaycanın milli kino məbədgahı olan Azərbaycan Film Kinostudiyasının fəaliyyəti bərpa olunmalıdır. Ora bərbad vəziyyətdə qalmamalıdır,” – deyə xalq artisti bildirib.

O qeyd edib ki, şura həftədə iki dəfə toplantılar keçirəcək və kino istehsalına nəzarət edəcək:
“Azərbaycanda kino sahəsində istehsal edilən bütün filmlər ARKA tərəfindən müzakirə olunmalıdır. Yalnız peşəkar səviyyədə çəkilən filmlərə üstünlük verilməlidir.”

Xalq artisti əlavə edib ki, teleseriallar Kino Agentliyinin nəzarətində deyil və onların ayrıca fəaliyyət göstərməsi məqsədəuyğundur:
“Azərbaycanda 20-dən çox kino şirkəti var. Onlar kinostudiyada fəaliyyət göstərməli, müraciət edərək burada yer almalıdırlar ki, keyfiyyət də yüksəlsin.”

O, şurada fəaliyyətinə görə nəzərdə tutulan maaş məsələsinə də aydınlıq gətirib:
“Bu məvacib bir ay üçün nəzərdə tutulmayıb. Biz şuraya vaxt ayırırıq, müzakirələrdə iştirak edirik və buna görə dövlət bizə əməkhaqqı ödəyir. Bu, ümumilikdə 12 ayın maaşıdır.”

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin nəzdində yaradılan Bədii Şura film layihələrinin bədii və texniki qiymətləndirilməsini həyata keçirəcək. Şura üzvlərinə 9 800 manat məbləğində ödəniş nəzərdə tutulub.

reklam
reklam