Son günlər plastik cərrahlar və uğursuz estetik əməliyyatlar yenidən müzakirə mövzusuna çevrilib. Hətta lisenziyası ləğv edilən həkimlər də var. Plastik əməliyyat dəbi təkcə tanınmış simalara deyil, adi insanlara da mənfi təsir edib.
Estetik əməliyyatların ilk qurbanlarından biri mərhum müğənni Nəzakət Məmmədova olub. O, Rusiyanın Soçi şəhərində plastik cərrah Anatoli Karola müraciət edib. Boynundakı qırışlardan xilas olmaq istəyən sənətçi əməliyyat zamanı bıçağın şah damarına toxunması səbəbindən dünyasını dəyişib.
Xalq artisti Flora Kərimova da uğursuz plastik cərrahiyyənin qurbanı olub. O, 2021-ci ildə Sevinc Heydərova adlı plastik cərrah tərəfindən gözündən uğursuz əməliyyat olunub və məsələ məhkəmə müstəvisinə daşınıb.
Əməliyyat etdirən məşhurlar arasında pop kraliça Aygün Kazımova da var. O, bədəninin bir çox hissəsində estetik prosedurlar keçirsə də, son əməliyyatında göbək dəliyinin unudulması xəbəri ilə gündəmə gəlib.
Xalq artisti Röya burun əməliyyatından sonra uğursuz nəticə ilə üzləşdiyini dəfələrlə dilə gətirib. Müğənni Rəqsanə də üzünün həkim səhlənkarlığına qurban getdiyini bildirib.
Aktrisa Mila Bekova plastik cərrah Ülviyyə İlyasovanın onun üzərində uğursuz əməliyyat apardığını açıqlayıb. Müğənni Təranə Qumralın qızı Qumral Musayeva isə vitamin əvəzinə səhvən botoks vurulması nəticəsində üzünün donduğunu bildirib.
Türkiyədə də plastik əməliyyatın qurbanları az deyil. Müğənnilər Rafet El Roman, Hakan Peker, Fatih Ürek, Gökhan Özen və Yılmaz Morgül uğursuz estetik prosedurlarla gündəmə gəliblər.