Xalq artistindən həyat dərsi: “Arağı tərgitməsəm, ölə bilərdim”

Xalq artisti Qurban İsmayılov illər əvvəl spirtli içkiyə tövbə etməsindən və həyatını dəyişən o qərardan danışıb. Aktyor, içki vərdişi ilə mübarizə apararaq yeni həyatına qədəm qoyduğunu və bu dəyişimin sağlamlığına necə təsir etdiyini bölüşüb.

Xalq artistindən həyat dərsi: “Arağı tərgitməsəm, ölə bilərdim”
Qurban İsmayılov
reklam

Xalq artisti Qurban İsmayılov ARB televiziyasının "Pərvizə görə" proqramında iştirak edərək spirtli içkidən uzaqlaşmasının həyatındakı önəmindən danışıb. Aktyor 1996-cı ildə içkini tərgitdiyini və bunun həyatını xilas etdiyini vurğulayıb.

“Mən həddindən artıq çox içirdim və bədən artıq dözmürdü. Bu vəziyyət məni tövbə etməyə vadar etdi. 28 ildir ki, içki içmirəm və bunun bəhrəsini görürəm. Əgər tərgitməsəydim, bəlkə də indi həyatda olmazdım. Mənim üçün bu, ikinci yox, hətta üçüncü bahardır. 2022-ci ildə keçirdiyim ürək əməliyyatından sonra yenidən həyata bağlandım,” - deyə o bildirib.

Qurban İsmayılov, eyni zamanda, yaradıcı insanların o illərdəki çətinliklərini, sosial problemləri və Sovet dönəminin təsirlərini də qeyd edib. O, spirtli içkiyə olan marağının həm şəxsi, həm də yaradıcılıq enerjisinin sıxışdırılmasından qaynaqlandığını etiraf edib:
“1990-cı illərin gərginliyi, işsizlik və dolanışıq problemləri bizi daxili mübarizəyə məcbur edirdi. O dövrdə Rusiyadakı böyük sənətkarların içkiyə meyilliliyini nümunə götürərək, biz də eyni yolu seçirdik. Amma həyat bunu davam etdirməyə imkan vermədi.”

Xalq artisti, içkidən imtina etməklə həyatına yeni bir səhifə açdığını və bu qərarın ona həm sağlamlıq, həm də mənəvi güc verdiyini dilə gətirib.