"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"
İlkin Həsəni, Azər Baxşəliyevin böyrək köçürülməsi üçün alınan imtina cavabından sonra onun çox sarsıldığını bildirib.
Aparıcı-aktyor İlkin Həsəni, "Xəzər axşamı" verilişində mərhum dostu və həmkarı Azər Baxşəliyevin böyrək transplantasiyası ilə bağlı yaşadığı çətinliklərdən danışıb. O, Azər üçün təmənnasız olaraq böyrəyini vermək istəyən bir tamaşaçının olduğunu, amma sənədləşmə prosesinin uzandığını bildirib.
İlkin Həsəni qeyd edib ki, Azərin böyrək köçürülməsi üçün keçirdiyi prosesdə Etika Komissiyasından cavab gecikmişdi: "Son illərdə transplantasiya əməliyyatları üçün Etika Komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə biz soruşanda da deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Sonuncu məqamda hansısa bir problem çıxdı və Azərə imtina cavabı gəldi. Bir az da bu olay Azəri çökdürdü."
Həsəni bildirib ki, Azər yanvarın 15-də Türkiyəyə əməliyyat üçün gedəcəkdi, lakin son anda alınan imtina cavabı hər şeyi dəyişdi.