İlon Mask Olaf Şoltsu yenə təhqir etdi

Milyarder İlon Mask, Maqdeburq şəhərində baş verən terror aktından sonra Almaniyanın kansleri Olaf Şoltsun istefaya getməsini tələb edib və onu sərt şəkildə tənqid edib.

İlon Mask Olaf Şoltsu yenə təhqir etdi
Elon Mask
reklam

Milyarder İlon Mask, Maqdeburq şəhərindəki terror aktının ardından Almaniyanın kansleri Olaf Şoltsu sərt şəkildə tənqid edib və onun dərhal istefaya getməsini tələb edib. Mask bu barədə, Şoltsun terror aktı ilə bağlı paylaşımında yazdığı şərhdə bildirib. Şolts, faciə ilə əlaqədar paylaşımında "Maqdeburqdan gələn xəbərlər məni dərindən sarsıtdı. Bütün fikrim hadisə qurbanlarının və onların yaxınlarının yanındadır", deyə qeyd edib və xilasetmə əməliyyatlarında iştirak edənlərə təşəkkürünü bildirib.

Lakin Mask, kanslerin paylaşımının altında onu sərt şəkildə tənqid edərək "ŞolTs dərhal istefaya getməlidir. Səriştəsiz axmaq" ifadəsini istifadə edib.

Qeyd edək ki, ABŞ-lı milyarder noyabr ayında Almaniyada hakim koalisiyanın dağılması fonunda da Şoltsu "axmaq" adlandırmışdı. Şolts isə bu açıqlamaya cavab verərək, "Cənab Mask dövlət qulluqçusu olmadığı üçün onun sözlərini nəzərə almıram" demişdi.

Maqdeburq şəhərində baş verən faciə, BMW sürücüsünün Milad bazarına yaxın ərazidə, xüsusilə uşaqlı ailələrin çox olduğu hissədə qəsdən avtomobili insanların üzərinə sürməsi nəticəsində baş verib. Hadisə nəticəsində ən azı 11 nəfər həlak olub, 80 nəfərə yaxın yaralı var. Saksoniya-Anhalt və Maqdeburq hakimiyyəti baş verənləri terror aktı adlandırıb. Şübhəli şəxs, 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanı vətəndaşıdır və saxlanılıb. Hücumçunun istifadə etdiyi avtomobili icarəyə götürdüyü məlum olub.