Tanınmış aktyor Elcan Rəsulov 38 yaşını qeyd edib. O, doğum günü münasibətilə sosial media hesabında paylaşım edərək uşaqlıq illərindən, keçmiş xatirələrindən və həyatda etdiyi seçimlərdən bəhs edib.
"22 fevral 1987-ci ildə, qarlı və şaxtalı bir gündə dünyaya göz açmışam. Uşaqlıq illərim çətin dövrə təsadüf etdi – müharibə, çörək növbələri və köçkün qohumlar məni qorxudurdu. Çoxlu ağlayan insanlar görmüşdüm, ona görə də hər kəsi güldürmək istəyirdim," – deyə aktyor bildirib.
Elcan Rəsulov polis olmaq istədiyini, lakin sənət yoluna təsadüfən qədəm qoyduğunu deyib: "İbtidai siniflərdə polis olmaq arzum var idi, ailəm də hüquq fakültəsinə qəbul olmağımı istəyirdi. Lakin 6-cı sinifdə 'Xalq teatrı'na üzv seçildim və sənətə marağım artdı."
O, yenidən dünyaya gəlsəydi, bəzi vərdişlərindən imtina edəcəyini vurğulayıb: "Siqareti başladığım gün tərgidərdim, heç vaxt içki içməzdim. 25 yaşına qədər ailə qurardım, magistratura oxuyar, ikinci təhsil alardım. Atamın ömrünü uzatmaq üçün daha çox çalışardım."
Sonda aktyor onu sevənlərə təşəkkür edib: "Məni sevən və sənətimi bəyənən insanlara minnətdaram. 38 yaşım həyatımda mühüm dəyişikliklər etmək üçün yeni bir başlanğıcdır."