"Narkozdan oyanana kimi başımın üstündə dayandı"
Əməkdar artist Hicran Nəsirova "Etiraf" verilişində kürəkənindən söz açaraq, onun özünə olan qayğısını və ona duyduğu böyük sevgini paylaşdı.

66 yaşlı Əməkdar artist Hicran Nəsirova "Etiraf" verilişində ailəsi ilə bağlı açıqlamalar verib. Aktrisa iki övlad və dörd nəvə sahibi olduğunu bildirib və onların həyatı ilə fəxr etdiyini qeyd edib:
"Bir qız və bir oğlan övladım və dörd nəvəm var. Övladlarımı 'yerbəyer' etmişəm. Nəvələrim isə hələ kiçik yaşdadırlar. Övladlarıma görə yaşadım. O zamanlar 'Sənətiniz yoxsa ailəniz sizin üçün daha vacibdir?' sualını verəndə cavab verirdim ki, təbii ki, ailəm. Mən uşaqlarıma borcluyam. Onları dünyaya gətirmişəm və onları ayaq üstə qoymalıyam. Sonra sənətim. Sənət isə mənə dayaqdır. Oradan güc alıram."
Hicran Nəsirova proqramda oğlu qədər yaxın olan kürəkəni ilə bağlı da hisslərini bölüşüb:
"Övladlarıma, nəvələrimə baxıb fəxr edirəm. Onlarla yaşayıram. Hazırda qızım yanımdadır. Kürəkənimi dilə tutmaq çox çətin oldu. Şükür Allaha, onlar yanımdadırlar və mənə dayaqdırlar. İndi deyirəm ki, iki oğlum və iki qızım var. Kürəkənimi çox istəyirəm. O mənim oğlumdur. Oğlumu kürəkənimdən ayırmıram. Oğlum məni kürəkənimi necə istədiyimi qısqanmır. Elə zamanlar olub ki, əməliyyat olunmağa ehtiyac yaranıb. O anda isə oğlum xarici ölkədə ezamiyyətdə olub. Vəziyyətim ağırlaşmışdı və məni təcili həkimə aparmaq lazım idi. Kürəkənim dərhal özünü çatdırdı. Gecədən səhərə kimi mən narkozdan oyana qədər o başımın üstündə dayandı. Demək ki, kürəkənim oğlumdur da..."