“Özümə gələ bilmirdim, sürünürdüm”

Meyxanaçı Namiq Qaraçuxurlu anasının və dostu Xəyyam Əhmədlinin vəfatından sonra keçirdiyi çətin günlərdən danışıb. Sənətçi itkilərin onun psixoloji və fiziki sağlamlığına ciddi təsir etdiyini bildirib.

“Özümə gələ bilmirdim, sürünürdüm”
Namiq Qaraçuxurlu
reklam

Meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu verilişdə anası və dostu Xəyyam Əhmədlinin vəfatından sonra yaşadığı çətinliklərdən danışıb.

Sənətçi bildirib ki, anasının ağır xəstə olduğunu bilsə də, onun ölümünə hazır ola bilməyib:
"Anamın xəstəliyini bilirdik, amma itkisindən sonra özümə gələ bilmirdim. O ərəfədə artıq sürünürdüm. Bilirdim ki, işləməliyəm, bütün yük çiynimdədir, amma çox çətin idi. İçimdə çəkən insanam, dərdimi heç kimə danışmıram. Bir müddət ölkədən uzaqlaşıb rahatlanmaq istədim, amma qayıdandan sonra dostum Xəyyam Əhmədlini itirdim. Bu, mənə ikinci ağır zərbə oldu."

Qaraçuxurlu bu hadisələrin onun səhhətinə ciddi təsir etdiyini də qeyd edib:
"Psixoloji vəziyyətim çox pis idi. Baş ağrılarım, gicəllənmələrim olurdu. Ürəyimdə sıxıntılar hiss edirdim, panik atak yaşadığımı düşündüm. Toylara getmirdim, verilən avansları geri qaytarırdım. Amma zamanla toparlanmağa başladım. Heç bir psixoloqa müraciət etmədim, amma iradə göstərdim və yavaş-yavaş yaxşılaşıram. Həyatın nə qədər qısa olduğunu bir daha anladım."

Qeyd edək ki, Namiq Qaraçuxurlunun anası Qəmər xanım uzun müddət qida borusu xərçəngindən əziyyət çəkirdi və ötən ilin sentyabrında dünyasını dəyişib. Onun yaxın dostu, meyxanaçı Xəyyam Əhmədli isə dekabr ayında ürək çatışmazlığından vəfat edib.