"Repdə Çox İnsan Dəlidir"-VİDEO
Tanınmış reper və prodüser Pərviz İsaqov (PRoMete), Baku TV-nin "Qapqara" verilişində maraqlı açıqlamalar verib. O, Anar Nağılbazı "Azərbaycan repinin atası" adlandırıb və bu sahədəki insanların sənətə dəlilik dərəcəsində bağlı olduğunu bildirib.
Azərbaycanın tanınmış reperi və prodüseri Pərviz İsaqov (PRoMete) Baku TV-də yayımlanan "Qapqara" verilişində maraqlı açıqlamaları ilə diqqət çəkib. O, Azərbaycan repinin vəziyyəti, sənətkarların düşüncəsi və öz şəxsi təcrübəsi barədə danışıb.
Pərviz İsaqov rep sahəsində çalışan insanların fərqli düşüncə tərzinə sahib olduğunu vurğulayıb:
"Biz başqa sahədə milyoner ola bilərdik, amma bu sənəti dəlicəsinə sevən insanlarıq. Bu sevgi bizi rep sənətinə bağlı saxlayır. Bu sahədə çox insan dəlidir," – deyə o bildirib.
O, həmçinin mərhum reper Anar Nağılbaz haqqında danışaraq, onu "Azərbaycan repinin atası" adlandırıb:
"Anar Nağılbaz elə bir iz qoyub ki, yaxın gələcəkdə "repin atası"nı axtarmağa ehtiyac yoxdur. Onun yaradıcılığı Azərbaycan reperləri üçün böyük məktəbdir," – deyə PRoMete qeyd edib.
Veriliş zamanı Pərviz İsaqov özünün rep sahəsində birmənalı qarşılanmadığını da açıqlayıb:
"Replərim musiqi baxımından çox sevilir. Lakin həm dinləyicilər, həm də reperlər arasında mənə qarşı qərəzli münasibət hiss edirəm. Bunun səbəbini anlaya bilmirəm. HOST dövründə də belə idi. Yəqin ki, məqsədi və hədəfi olan insanlar həmişə sevilmirlər," – deyə fikrini tamamlayıb.
PRoMete ilə Qaraqan (Elxan Zeynallı) arasında münasibətlərin korlanması mövzusuna toxunan reper, bu məsələnin onun gördüyü münasibətlə əlaqəsinin olmadığını bildirib.