Rəşad Dağlı əfv oluna bilərmi? – Açıqlama

Əfv Məsələləri Komissiyasının iclaslarına bu həftə start verilir. Məşhur meyxanaçı Rəşad Dağlının əfv sərəncamına düşüb-düşməyəcəyi isə ictimaiyyətin maraq dairəsindədir. Hüquqşünas əfv prosesi və meyxanaçının şansları barədə danışıb.

Rəşad Dağlı əfv oluna bilərmi? – Açıqlama
Rəşad Dağlı
reklam

Bu həftə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarına start verilir. İlk iclasın fevralın 12-də keçirilməsi nəzərdə tutulub. İclaslarda məhkumların ərizələri və onların ailə üzvlərinin müraciətləri müzakirə ediləcək.

Ənənəyə uyğun olaraq, əfv sərəncamı Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır.

Məşhur meyxanaçı Rəşad Dağlının da əfv edilə biləcəyi məsələsi ictimaiyyət arasında maraq doğurur. Onun əfvə düşüb-düşməyəcəyi isə müraciətin olub-olmamasından və Komissiyanın qərarından asılıdır.

Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə bildirib ki, əfvetmə aktı Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərdi qaydada həyata keçirilir:

"Əfvetmə aktı ilə məhkum olunan şəxs cəzanın qalan hissəsindən azad edilə, cəza müddəti azaldıla və ya daha yüngül cəza ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası isə maksimum 25 il həbs cəzası ilə əvəz oluna bilər. Bundan başqa, əfv edilən şəxsin məhkumluğu ləğv edilə bilər."

Hüquqşünasın sözlərinə görə, ictimaiyyət tərəfindən dəstəklənən və xüsusi rolu olan şəxslərin əfv olunma ehtimalı daha yüksəkdir. Lakin yekun qərar Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əfv Məsələləri Komissiyasının tövsiyələri əsasında qəbul edilir.

reklam
reklam