Xalq artisti Siyavuş Kərimi televiziyalarda senzuranın olmamasını və efirdə səviyyəsiz proqramların artmasını tənqid edib. O, televiziya kanallarının cəmiyyətin səviyyəsini yüksəltmək əvəzinə, tamaşaçı tələbinə uyğunlaşdığını bildirib. Musiqi sənayesindəki problemlərə də toxunan sənətçi, konservatoriya məzunlarının işsizlik problemi ilə üzləşdiyini qeyd edib.
Xalq artisti Siyavuş Kərimi televiziya kanallarındakı hazırkı vəziyyətdən narazılığını ifadə edib. Onun sözlərinə görə, televiziyalar cəmiyyətin səviyyəsini artırmaq əvəzinə, tamaşaçı tələbinə uyğunlaşaraq keyfiyyətsiz proqramlar təqdim edirlər. O, həmçinin televiziyada nalayiq sözlərin səsləndiyini və senzuranın zəruri olduğunu bildirib:
"Televiziyanın əsas funksiyalarından biri cəmiyyəti maarifləndirməkdir, lakin hazırda televiziyalar cəmiyyətin tələblərinə uyğunlaşır. Bu gün televiziyada və sosial şəbəkələrdə kim nə istəyirsə, onu da edir. Demokratiya və mədəniyyət bəzən üst-üstə düşmür. Senzura mütləq olmalıdır, çünki cəmiyyətin mədəni səviyyəsinin yüksəldilməsi əsas məsələdir."
Siyavuş Kərimi musiqi sahəsində də ciddi problemlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda konservatoriya məzunlarının əksəriyyəti işsizlik problemi ilə üzləşir və musiqi sənəti inkişaf etmək əvəzinə, toy mahnılarının təsiri altına düşüb. O, bəstəkarlıq fakültəsinə sənəd verənlərin azaldığını və bu sahəyə marağın getdikcə azaldığını da qeyd edib.
Xatırladaq ki, Siyavuş Kərimi bir müddət əvvəl Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.