Əməkdar artist Gülüstan Əliyeva sənət aləmində gedən bəzi proseslərdən narazılığını ifadə edib. O, bəzi sənətkarların geyimlərinə görə tənqid edildiyini, lakin açıq-saçıq geyinənlərin daha çox dəyər gördüyünü bildirib:
"Hər hansı bir Əməkdar və ya Xalq artisti bir az açıq geyinsə, dərhal sosial şəbəkələrdə tənqid olunurlar. Amma biz də tədbirlərə, toylara, ad günlərinə gedirik və el şənliklərində iştirak edirik. Orada əsasən bayağı mahnılar oxuyanları çağırır, onlarla birgə rəqs edirsiniz. Ancaq biz bir az qısa geyinən kimi tənqid edirsiniz. Əslində isə siz məhz elə insanlara üstünlük verir, onları toylarınıza dəvət edirsiniz. Bizi aldatmağa çalışmayın, amma reallıq göz önündədir."
Gülüstan Əliyeva bayağı mahnılara olan tələbatın artmasından da narahatlığını dilə gətirib:
"Məclislərdə bir az muğam oxumaq istəyəndə dərhal 'keçin mahnıya' deyirlər. Bəs sizin milli dəyərləriniz? Axı siz azərbaycanlısınız. Maşınlarda da bayağı mahnıları elə yüksək səslə dinləyirlər ki, adam utanır. Gözəl musiqilər dinləyin ki, zövqünüz gözəlləşsin, ruhunuz təzələnsin."
Əməkdar artist bəzi müğənnilərin geyim tərzinə və sənət anlayışına da toxunub:
"Hər janrın öz geyimi var. Estrada müğənnisi açıq geyinə bilər. Amma əsas olan sənətdir. Müğənnilər, sənətinizlə var olun. Aparıcılardan sizi sənətkar kimi təqdim etməyi tələb edirsiniz. Amma əvvəlcə özünüzə baxın və özünüzə 'mən kiməm?' sualını verin. Oturuşunuzu-duruşunuzu, danışıq tərzinizi bilin. Belə olmaz."