"Bədənimdən çirk axmağa başladı"-FOTO
Aktrisa Mila Bekova saxta cərrahın tələsinə düşərək dəhşətli tibbi və psixoloji travmalar yaşayıb. Cəzasızlıq mühitində fəaliyyət göstərən saxta plastik cərrahların fəsadlarını ictimaiyyətə çatdırmaq üçün aktrisa öz faciəli hekayəsini paylaşıb.
Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Bu "həkimlərin" hiyləsinə düşən insanların həyatı təhlükə altındadır. Aktrisa Mila Bekova da bu qurbanlardan biridir. O, bədənşəkilləndirmə proseduru üçün müraciət etdiyi "həkim" Ülviyyə İlyasovanın savadsız müdaxiləsi nəticəsində bir ilə yaxındır ki, ağır tibbi problemlər yaşayır.
Mila Bekova verdiyi açıqlamada bildirib ki, 5-6 kiloqram çəki atmaq üçün tələsik qərar verərək İnstaqramda reklamlarına rast gəldiyi Ülviyyə İlyasovanın xidmətlərindən yararlanmaq qərarına gəlib. Əməliyyatdan sonra aktrisanın səhhəti kəskin şəkildə pisləşib: bədənində çirk toplanıb, yüksək hərarət və hallüsinasiyalar müşahidə olunub. O, bir neçə dəfə Ülviyyə İlyasovaya müraciət etsə də, hər dəfə yalan və bəhanələrlə qarşılaşıb.
Bekova qeyd edib ki, Ülviyyə İlyasovanın tibbi diplomu yoxdur və bu şəxsin əməliyyatları ciddi fəsadlarla nəticələnib. Hətta İlyasovanın əməliyyat etdiyi şəxslərdən biri – öz eltisi – əməliyyat masasında dünyasını dəyişib. Buna baxmayaraq, hüquq-mühafizə orqanları tərəfindən hadisələrlə bağlı tədbir görülməyib.
Aktrisa yaşadıqlarının həm fiziki, həm də mənəvi zərərlər yaratdığını vurğulayıb. Psixoloji travma səbəbindən hazırda müalicə alan Bekova insanları diqqətli olmağa və saxta cərrahların tələsinə düşməməyə çağırıb. O bildirib ki, başqalarının bu kimi problemlərlə üzləşməməsi üçün hər kəsi ehtiyatlı davranmağa səsləyir.
Mila Bekovanın hekayəsi saxta plastik cərrahların fəaliyyətinin nə qədər təhlükəli olduğunu və bu sahədə cəzasızlığın ciddi nəticələr doğurduğunu bir daha göstərir.