İstanbul Respublika Prokurorluğunun CHP İBB Bələdiyyə sədri Əkrəm İmamoğlu ilə bağlı başlatdığı istintaq çərçivəsində 106 nəfər barəsində həbs qərarı çıxarılıb.
İqtidara yaxınlığı ilə tanınan "Sabah" qəzetinin yaydığı məlumatlara görə, həbs edilənlərdən biri Türkiyənin tanınmış media rəhbərlərindən sayılan, "Fənərbaxça" klubunun vitse-prezidenti Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşının bacısı ilə evli olan Merthan Açıldır.
Məlumatlara əsasən, Açıl İngiltərənin II divizionunda çıxış edən və Acun Ilıcalıya məxsus "Hull City" klubunda çalışıb. Əməliyyatdan sonra o, sosial media hesablarını bağlayıb.
2019-cu ildən reklam sahəsində fəaliyyət göstərən və Açılın sahibi olduğu Creative Medya Reklam A.Ş. şirkətinin İstanbul Böyükşəhər Bələdiyyəsindən ümumi dəyəri 334 milyon 718 min 500 TL (təxminən 10 milyon dollar) olan tenderlər aldığı məlum olub. Şirkət əsasən konqreslər, toplantılar, mərasimlər, yarmarkalar, seminarlar, konsertlər, festivallar, teatr tamaşaları, sərgilər və təqdimatlar təşkil edirdi.
İstintaqın detalları və Acun Ilıcalının bu hadisəyə hansı formada bağlılığı olduğu ilə bağlı rəsmi açıqlama verilməyib.
