"Nənə və babalar belə bütün günü 'TikTok'dadır"

Müğənni İzzət Bağırov sosial şəbəkələrdə məşhurların sənətdən çox qalmaqallarla gündəmə gəlməsinə və ailələrdə sosial mediaya həddindən artıq marağın artmasına toxunub. O, xüsusilə "TikTok"un bütün yaş qruplarını cəlb etməsinin cəmiyyətə təsiri barədə fikirlərini bölüşüb.

"Nənə və babalar belə bütün günü 'TikTok'dadır"
İzzət Bağırov
reklam

Müğənni İzzət Bağırov qalmaqallardan uzaq durduğunu və sənətinə kökləndiyini bildirib. O, bəzi məşhurların sənətlərindən çox qalmaqalları ilə gündəmdə qalmağa çalışdıqlarını vurğulayıb.

"Ətrafıma baxıb görürəm ki, bəzi müğənnilər ifaları, klipləri və layihələri ilə deyil, dava-dalaşları, qalmaqalları və geyim tərzləri ilə diqqət çəkməyə çalışırlar. Onlar sosial şəbəkələrdə, xüsusilə 'TikTok'da canlı yayımlar açır və bu yayımlara yüz minlərlə insan baxır. Maraqlısı odur ki, həmin izləyicilər həmin müğənniləri təhqir edir, alçaldır, amma yenə də izləməyə davam edirlər. Əgər birini bəyənmirsinizsə, niyə səhifəsinə daxil olursunuz?" – deyə İzzət Bağırov fikirlərini bölüşüb.

Sənətçi, həmçinin ailələrdə sosial mediaya həddindən artıq marağın xoşagəlməz hallara səbəb olduğunu vurğulayıb:

"Bu gün görürsən ki, əlində təsbeh tutub zikr etməli olan nənələr belə, günlərini 'TikTok'da keçirirlər. Artıq baba, nənə, ata, ana, övlad, məktəbli, tələbə və hətta körpə uşaqlar da bu platformadadır. Ailələr uşaqların başını qatmaq üçün onlara telefon verirlər. Bütün ailə 'TikTok'da olduqda, bu, cəmiyyətimizə necə təsir edir? Sonra isə 'bu niyə belə oldu?' sualını veririk. Halbuki, onu bu hala biz gətirmişik" – deyə müğənni bildirib.