"Sənətkarın vicdanı musiqini ucuzlaşdırmağa imkan vermir"
Xalq artisti və qarmon ifaçısı Ənvər Sadıqov "Qapqara" verilişində sənətkarlıq və musiqiyə yanaşma haqqında danışıb. O, istedadın insana verilən ilahi bir qabiliyyət olduğunu vurğulayaraq, musiqiçinin hər şəraitdə sənətinə hörmətlə yanaşmalı olduğunu qeyd edib.
Xalq artisti və tanınmış qarmon ifaçısı Ənvər Sadıqov "Qapqara" verilişinin qonağı olub. O, musiqiçi kimi sənətə yanaşmasından və sənətkarın vicdanlı davranışının vacibliyindən danışıb. Sadıqov qeyd edib ki, musiqiçinin toy məclislərinə belə, ciddi yanaşması vacibdir:
"Sənətkar heç zaman 'onsuz da heç nə başa düşmürlər, nə çalsam oynayırlar' düşüncəsi ilə çıxış etmir. Vicdan buna imkan vermir. Elə sadə ailə toyunda elə çalğı olur ki, musiqiçini tər-qan aparır."
O, həyatında baş verən və dönüş nöqtəsi olan hadisəni də bölüşüb:
"Baş verən bəzi hadisələr mənim üçün çox ağır olub. Elə bir gün olub ki, ölümün astanasında idim. Hadisənin üstündən 24 il keçib, amma hələ də o gün sağ qalmağımın səbəbini tam anlamıram."