Əməkdar artist Nüşabə Ələsgərli artıq 7 ildir avtomobil idarə etmədiyini bildirib. O, bu barədə "Yollar bizi ayırmasın" verilişində danışıb. Müğənni illərlə toy məclislərinə özü avtomobil sürərək getdiyini, lakin tıxaclar və nizamsız sürücülük səbəbindən maşın sürməkdən imtina etdiyini vurğulayıb:
"Ömrümün 30 ili yollarda keçib: o rayon, bu şəhər, qəsəbə. Ölkədaxilində toylara gedəndə özüm idarə edirdim. Amma son 7 ildir heç maşın sürmürəm. Tıxaclardan, dayanacaqlardan yoruldum, sürməyi bacarmayanlar da çoxalıb."
Nüşabə Ələsgərli illər əvvəl keçirdiyi yol qəzası barədə də danışıb. Müğənni ailə üzvlərini rayonda qoyduqdan sonra toy məclisinə yollanıb. Gecə saatlarında təkbaşına geri dönərkən qəza təhlükəsi ilə üzləşib:
"Rayona toya gedirdim, ailə üzvlərim də mənimlə gedirdi. Onları rayona qoyub, toy olan yerə getdim. Gecə tək qayıtdım. Böyük tırın siqnal səsinə oyandım. Yoxsa onun altında qalacaqdım. Maşın fırlandı durdu. Yolda yata da bilməzdim. Şəmkirdən Bakıya kimi necə gəldim Allah bilir. Tövbə etdim ki, bir də gecə yola çıxmayacağam."
Müğənni həmçinin əvvəllər təhlükəsizlik kəmərindən istifadə etmədiyini etiraf edib:
"Maşınların ən dəbdə olanını, bahalısını almışam. Ürəyim istəyəni alıb sürmüşəm. Kəmər taxmaq, telefona cavab vermək olmaz. O vaxt kəmər taxmırdım. O vaxt kəmər taxana pis sürücü kimi baxırdılar. Sonra düz yola qayıtdım."