Xalq artisti Əli Nur aktyor Cavidan Novruzun ünvanına sərt ittihamlar səsləndirib. O, Cavidanın Akademik Milli Dram Teatrından uzaqlaşdırılmasını tələb edib. Buna səbəb aktyorun atasının – mərhum Xalq artisti Ramiz Novruzun dəfnində Əli Nurun iştirakına qarşı sərt fikirlər səsləndirməsi olub.
Əli Nur "Künc-bucaq" YouTube layihəsində bildirib ki, Ramiz Novruzun dəfn mərasimində baş verənləri diqqətdə saxlayan əsas şəxs məhz özü olub:
"Ramiz Novruz vəfat edəndə getdim, gördüm ki, Mədəniyyət Nazirliyinin və digər rəsmi qurumların nümayəndələri yoxdur. Saat 2 idi, lakin hələ dəfnlə bağlı heç bir məlumat verilmirdi. Mən etiraz etdim, çünki Ramiz Novruz böyük sənətkardır və ona qarşı etinasızlıq yolverilməzdir. Nəticədə, saat 3-dən sonra nazirlik və icra hakimiyyəti nümayəndələri gəldi. Tabutu qaldıranda dedim dayanın, Ramizin mədəniyyətə xidmətlərindən danışdım, məclisi də mən apardım. İndi isə Cavidan deyir ki, atamın yasını teatrın yaşlı aktyorları pozdu, xüsusilə də Əli Nur. Guya, biz onu öyrədib gətirmişik. Mən isə deyirəm ki, teatrda intriqa yaradan gənclər qovulmalıdır."
Əli Nur əlavə edib ki, Cavidanın teatrı tənqid etməsi və onun rəhbərliyini ittiham etməsi yolverilməzdir:
"Mənim oğlum vətən üçün şəhid oldu, sən isə gizləndin. Bu gün teatrı tənqid edib intriqa yaradan aktyorlar qovulub. Hikmət Rəhimov deyirdi ki, bu teatrı saymır, ona baş rollar verirdilər. Cavidan Novruz da bu teatr üçün virusdur. Mədəniyyət nazirinin qarşısına bu məsələni qoyacağam, o, teatrdan getməlidir. Mən indi yeni bir rola hazırlaşıram, məşqlərim bitən kimi nazirliyə müraciət edəcəyəm. Cavidan, sən teatrdan getməlisən!"
Qeyd edək ki, Cavidan Novruz atasının vəfatından sonra verdiyi açıqlamalarla gündəmə gəlmişdi. O, atasının dəfnində bəzi teatr aktyorlarının səmimiyyətsiz davrandığını iddia etmişdi.