"Əsgər kimi qız, gəlin kimi oğlan – Cəmiyyətdə kök salan ailə yanaşması"
Əməkdar artist Lalə Məmmədova ailə və tərbiyə mövzusunda cəmiyyətin uzun müddətdir müzakirə etdiyi stereotiplərə toxunub. O, ailələrdə qız və oğlan övladlarına olan yanaşmadakı fərqləri tənqid edib və hər iki cinsin balanslı, müstəqil yetişdirilməsinin vacibliyini vurğulayıb. Qızların təhsilinə, oğlanların isə həyat bacarıqlarına daha çox diqqət ayrılmasının əhəmiyyətindən danışıb.
Əməkdar artist Lalə Məmmədova "Pərvizə görə" verilişində cəmiyyətdəki ailə tərbiyəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. O, qız və oğlan övladlarına ailələrdə fərqli yanaşmanın mənfi təsirlərindən danışaraq, cəmiyyətdəki "qızı əsgər kimi böyüt, oğlanı isə gəlin kimi nazlı" prinsipinin yanlış olduğunu bildirib. "Bir çox ailələrdə qızlara daha çox məsuliyyət yüklənir, oğlanlara isə hər şey hazır verilir. Bu yanaşma nəinki oğlanların müstəqilliyini, həm də qızların özünə güvənini məhv edir. Halbuki hər iki cins bərabər şəkildə həyata hazırlanmalıdır. Qızlara savad, oğlanlara isə müstəqil qərarlar qəbul etmək bacarığı öyrədilməlidir," – deyə sənətçi fikrini ifadə edib. Lalə Məmmədova qeyd edib ki, qadınların təhsilli olması bir ailənin deyil, bütün nəsillərin inkişafına səbəb olur: "Qızlara deyirlər ki, sabah gedib ər evinə düşəcəksən. Bu cür tərbiyə onların həyatını yalnız ərdən və uşaqlardan ibarət etməyə məcbur edir. Əgər qızların savadı, işi, hətta öz evləri olsa, o zaman ailədaxili münasibətlər də balanslı olar." O, həmçinin vurğulayıb ki, oğlanların ailəyə, həyatda müstəqil qərar qəbul etməyə daha çox alışdırılması lazımdır: "Oğlanların özgüvəni, həyatda uğur qazanmaları çox vaxt öz zəhmətləri sayəsində olur. Onları həyat üçün əsgər kimi hazırlamaq vacibdir." Lalə Məmmədova mövcud stereotiplərin dəyişməsini arzuladığını, öz qızlarını müstəqil və özgüvənli şəkildə böyütmək istəyini də dilə gətirib.