"Biz bədən görünüşümüzlə pul qazana bilmərik" – Almaz Orucovadan sərt sözlər
Əməkdar artist Almaz Orucova müasir musiqi sənətində artan bayağılığa və səhnədə ifadan çox zahiri görüntülərə üstünlük verilməsinə sərt tənqidlər yönəldib. O, səhnə mədəniyyəti və sənətin dəyəri haqqında öz fikirlərini paylaşıb.
Əməkdar artist Almaz Orucova "Zaurla Günaydın" verilişində müasir musiqi dünyasında baş verənləri tənqid edib. O, keçmişdə səhnə sənətinin daha dəyərli olduğunu vurğulayıb:
"Şövkət Ələkbərova sağ olsaydı, bu gün bu qədər bayağı musiqilər olmazdı. Əvvəl də bu cür ifalar var idi, amma indiki qədər deyildi."
Müğənni, eyni zamanda, verilişlərə dəvət olunan ifaçıların sənətdən daha çox zahiri görüntüyə önəm verməsinə diqqət çəkib:
"Bizə bəzən deyirlər ki, ifanı nə edirsiniz, geyiminizə baxın. Bizim ailə və sənət tərbiyəmizdə belə bir şey yoxdur ki, sənəti kənara qoyub geyimimiz və ya bədən görüntümüzlə pul qazanaq. Bu bizim yolumuz deyil və heç vaxt olmayacaq."
Sənətçi, sənətin əsas dəyərini itirməməsi üçün daha çox diqqət və qayğı tələb olunduğunu qeyd edib.